Caz musiqisi

XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır.


Ardı →

Nəğmədir həyat | Şəfiqə Axundova

Şəfiqə AxundovaMən belə düşünürəm ki, hər bir insan dünyaya gəldiyi ilk andan qismətinə düşən ömür payını yaşamağa başlayır. Və belə qənaətə də gəlmək olar ki, hər bir insanın doğum tarixi o şəxsin «həyat məktəbi»nə qədəm qoyduğu gündür. Beləcə bu gündən başlayır hər bir insanın həyat dərsləri. Elə isə gəlin, haqqında söhbət açacağımız hörmətli sənətkarın həyat və yaradıcılıq yoluna üz tutaq. 

       Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar ayının 21-də qədim yurdlarımızdan olan Şəki torpağında anadan olub. Atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olmuşdur. Belə ki, o, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışmışdır. Ona hətta «Bolşevik Qulam» da deyirdilər. Şəfiqə xanımın anası Züleyxa Səməd qızı isə evdar qadın idi. Onların ailəsində Şəfiqə xanımdan savayı Ismət, Tahir, Nəriman və Rəfiqə kimi övladları böyüyürdü. Və Şəfiqə xanımın həyatında çox mühüm əvəzedilməz xidmətləri olan Zümrüd adlı bir bacısı vardı. Beləcə qədim tarixi, şirin, məzəli söhbətləri, duzlu zarafatları, gözəl mənzərəsi, füsunkar təbiəti olan Şəki torpağında gələcəyin böyük sənətkarı böyüyürdü. Amma onun parlaq gələcəyi hələ heç kimə bəlli deyildi. Axı balaca Şəfiqə də adi körpələrdən biri kimi doğulmuşdu. Axundovlar ailəsi nə biləydi ki, bu körpə gələcəyin görkəmli sənətkarı olacaq. Əksinə anası Züleyxa xanım qızının məhz həmin gün dünyaya gəlməsindən bir qədər məyus olmuşdu. Şəfiqə xanım bu haqda anasının dilindən eşitdiklərini belə xatırlayır: 
Ardı →